Ölkəmizdə baş verən mütərəqqi iqtisadi, sosial və siyasi irəliləyişlər yeni eraya qədəm qoymuşdur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir.
Bu iqtisadi, sosial və siyasi proseslər bələdiyyələrin də üzərinə müəyyən məsuliyyət yükü qoyur. Məlumdur ki, bələdiyyə institutunun əsası ölkəmizdə Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hər bir bələdiyyə sədri, üzvü və qulluqçusu bu məsuliyyəti dərk edərək öz işinə maksimum peşakarlıqla yanaşmalı və vətəndaşların problemlərinin həll olunmasına səy göstərməlidir.
Bələdiyyə büdcəsinin formalaşması, dayanıqlı büdcə gəlirlərinin əldə olunması məqsədi ilə Bələdiyyələrin Milli Assosiasiyaları və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən mühüm addımlar atılmışdır. Belə ki, BAMS ƏMDX-nin bazısına inteqrasiya olunmuşdur. Bu inteqrasiya bələdiyyələrin tədiyyəçiləri onlayn qaydada müəyyənləşdirərək vergiyə cəlb olunmasına şərait yaratmışdır. Yeri gəlmişkən qeyd edim ki, Cənab Prezidentin “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” haqqında fərmanın tələblərinə uyğun olaraq, əsasnamənin bələdiyyələr tərəfindən birgə təsdiq edilməsi tədbirlərinin həyata keçirilməsinin Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarına həvalə edilməsi yüksək etimaddır.
Bələdiyyənin dayanıqlı maliyyə vəsaitlərinə malik olması və məşğulluğun təmini istiqamətində Tüləkəran bələdiyyəsi tərəfindən “Tüləkəran Təmiz Kənd” MMC-nin və keçi fermasının yaradılması üçün layihə hazırlanaraq Maliyyə Nazirliyinə təqdim olunuşdur. Layihəyə müsbət cavab alınmış 2024-cü ildə maliyyə vəsaiti ayrılmışdır. Layihə çərçivəsində 540 m2 tikinti quraşdırılma işləri aparılmış və yüksək məhsuldarlığa malik 105 “Saanen” keçisi alınmışdır. Hazırda fermada 105 ana keçidən əlavə 46 yeni doğulmuş çəpiş saxlanılır. Heyvanlar idxal olunduğundan və yerli şəraitə uyğunlaşma mərhələsində olduğundan məhsuldarlıq nisbətən aşağı olmuşdur. Oktyabr ayı heyvanların ikinci doğuş mövsümü olduğundan ikinci mövsümdə 130-150 aralığında əlavə keçi artımı gözlənilir.
“Tüləkəran Təmiz Kənd” MMC 9 nəfər sakini daimi əsaslarla işlə təmin etmişdir. İl sonunda bu sayın 15 nəfərə yüksələcəyi proqnozlaşdırılır. İl ərzində 28 nəfər sakin isə müvəqqəti iş yerlərilə təmin olunmuşdur. Layihə çərçivəsində nəzərdə tutulmuş işlərdən əlavə olaraq bələdiyyənin maliyyə vəsaiti hesabına 72 m2 sahəli qapalı talvar quraşdırılmış, 90 m2 sahəli emal sexi və 400 m2 sahəli yeni fermanıncə müxtəlif təyinatlı obyeklərin tikinti işlərinə başlanılmışdır.
Bələdiyyələrin problemləri hələ də qalmaqdadır. Bu problemlərin böyük hissəsi Əmlak Məsələləri Dövlət Xidmətinin payına düşür. Bələdiyyələrin yarandığı gündən bu günədək xəritələr və vahid məlumat bazası təqdim olunmamışdır. Son illərdə xidmət tərəfindən aparılan elektron uçot prosesinə böyük ümidlər bəslənilməsinə baxmayaraq, bu ümidlər də puça çıxmışdır. Belə ki, elektron uçot aparılarkən bələdiyyə mülkiyyətinə məxsus torpaqların təyinatı özbaşına dəyişdirilmiş və torpaqlar heç bir hüquqmüəyyənedici sənəd olmadan vətəndaşların istifadəsinə qeyd olunmuşdur. Hal-hazırda bələdiyyələrin bu torpaqların üzərində mülkiyyət hüququnu tanıtması faktiki olaraq mümkün deyil. Perspektiv inkişaflı təyinatlı torpaqlar üzrə 34 hektar sahədə Tüləkəran bələdiyyəsi eyni problemlə qarşılaşmış və bu problem bələdiyyəyə torpaqların ilkin bazar qiyməti nəzərə alınmaqla 2000000 manatdan çox ziyan vurur. Əlavə olaraq bələdiyyə mülkiyyətində olan 580 hektara yaxın kənd təsərrüfatlı təyinatlı torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun tanınmasına əngəllər törədilir. Bu səbəbdən 580 ha torpaq sahəsi kənd təsərrüfatına yararsız vəziyyətə düşür.
Bələdiyyələrin mülkiyyət hüququ Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun aparılmalı olmasına baxmayaraq ƏMDX rəisinin F-100 nömrəli daxili əmri əsas gətirilməklə müraciətlərə əsassız imtina verilir. Bələdiyyələrin Konstitutsiya ilə qorunan mülkiyyət hüquqları kobud surətdə pozulur.
Əlavə olaraq bələdiyyələrin hər hansı bir tikinti, quraşdırma, abadlıq və ya digər istənilən bir sahədə iş və ya xidmətlərin göstərilməsilə bağlı icraçı təşkilatlarla müqavilələr bağlayan zaman bələdiyyələrin ƏDV-dən azad olunması maliyyə vəsaitlərinə qənaət olunmasına böyük təsir göstərə bilər.
Bələdiyyələr hesabatlılıq və şəffaflıq prinsiplərinə əməl etməklə internet resursları, sosial şəbəkələr, televiziya və mətbuat yayımları vasitələrilə büdcə və digər maddi vəsaitlərinin hesabatını ictimailəşdirməli, gördüyü işlərin və layihələrin ictimaiyyətin diqqətinə çatdırılmasında maraqlı olmalıdır. Bu məqsədlə Tüləkəran bələdiyyəsinin internet resursu olan www.tulekeran.az saytı hazırlanmış və mobil tətbiqinin hazırlanmasına başlanılmışdır. Yaxın həftələrdə saytın və eyni adlı mobil tətbiqin geniş ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə təqdimatı keçiriləcəkdir.
Add New Comment